Qatar yola düşürdü artıq. Qiyabi təhsil, qiyabi dostlar, qiyabi xoşbəxtlik Sahibin həyatını bir zəncir kimi halqalardan ibarət etmişdi. Özü də o zəncirin ən əsas halqası idi. Qəribədir, axı sevgi insanı tərk etmədiyi halda biz insanlar necə tərk edə bilirik sevgini? Hə, Sahib də gedirdi. Eynilə sevgini tərk etdiyi kimi gedirdi. Düşünmədən və səbəbsiz...
Həyat həmişəmi belədir? Hər səhər oyananda bu gün xoş gün olacaq deyirsən, amma irəliləyən saatlarda o xoş günü yaşamırsan. Sahib həmişə bu mövzu barədə düşünərdi. Axı niyə insanları xoşbəxtliyi sözlərdə tapırlar? Axı niyə xoşbəxtlik o deyilən sözlərin əməldə təcəssümü kimi anlaşılır?
Sahib bir anlıq qatarın hara getdiyini unutdu. Əslində o qatarın yox, özünün hara getdiyini unutmuşdu. Çünki getməyi üçün bəlli bir səbəbi yox idi.
Pəncərəyə dəyən yağış damlaları onu düşüncələrdən ayırdı. Qatarda balaca bir qız yağış damlalarına baxaraq gülümsəyirdi. Sanki bu yağış məhz onun üçün yağırdı. Xoşbəxt idi. Halbuki ayağında yağış üçün davamlı olmayan ayaqqabı vardı. Köhnə, nimdaş bir geyim lüks mağazalarda satılan ayaqqabı ilə tamamlanmaz heç vaxt. Bunlara rəğmən xoşbəxt olar insan yağışın yağması ilə.
Hava getdikcə qaralırdı. Təsadüfi deyildi ki, düşüncələri onu yalnızlıq bataqlığına məhkum etmişdi. Hər gecə belə olurdu. Düşünürdü... Axı fərq olmalıdır. Ətrafındakılardan uzaqlaşmaq, xırda nəsnələrə sevinən, özü balaca olsa da böyük qəlbli uşağın xoşbəxtlik saçan simasını görmək onu düşüncələrdən ayıra bilmədi. Gərək deyildimi tərk etmək? Çantasına qələmi, dəftəri, bir-iki kiçik əşyasını qoyub buraları tərk etmək istəyəndə axı hər şeyi başqa cür düşünürdü. "Monotonluqdan qurtuluş" adını verdiyi rəsminə baxaraq çıxmışdı evdən. Qatarın pəncərəsindən baxarkən gördüyü mənzərə ona bu qurtuluşun gerçəkləşdiyini göstərmədi.
Davam? Bir anlıq beyni dondu. Gözləri bərəlmiş halda pəncərədən baxmağa davam etdi. Son ağacı da geridə qoydular və bu o deməkdir ki, geri dönüş üçün çox gecdir. Sol tərəfinə baxdı. Bayaqkı uşaq yox idi. Yağış hələ də yağırdı, maraqlıdır o uşaq niyə hələ də yağışa tamaşa etmir? Yerini tərk edərək bir az irəli getdi və o uşağı axtarmağa başladı. Nəsə qəribə bir hal vardı o uşaqda və bunu indi anlayırdı. Nəzarətçiyə yaxınlaşıb uşağın hansı bölmədə olduğunu soruşdu. Cavab isə qənaətbəxş deyildi. Vaqonun sonuna qədər gəldi, lakin uşağı tapa bilmədi. Axtararkən tək bir şey düşünürdü: Niyə?
Vaqonun qapısının açıq olduğunu gördü. Geri çəkildi və bayaqkı nəzarətçiyə məlumat vermək üçün geri gedəndə pəncərədən uşağın əksini gördü. Qapıya yaxınlaşdı. Bir anlıq qatarın dayandığını düşündü və əlini uşağa doğru uzatdı. Hansısa bir qüvvə onu vaqondan çölə itələyirdi. Qatar sürətini artırmışdı. Külək və qatarın bu sürəti onu yerə yıxmağa bəs idi. Sanki kimsə onu itələdi və o vaqondan yerə yıxıldı. Gözü önünə çəkdiyi rəsm gəldi: Monotonluqdan qurtuluş.
Uzaqdan gələn səslər eşidirdi. Kimsə ağlayırdı. Səslər getdikcə yaxınlaşırdı. Uğultulu bir siqnal səsi beyin hüceyrələrini darma-dağın edirdi. Ayılmaq istəyirdi, amma bacarmırdı. Gur işıq gəlirdi. Səs və işıq... Bu səsin arasından anasının səsini seçə bildi. Yaşamadığını düşündü. Artıq hiss edirdi. Onu harasa aparırdılar. Deyəsən, evə aparırlar. Hə, budur, öz otağında olduğunu hiss etdi. Qapı örtüldü və addım səsləri getdikcə uzaqlaşdı. Oyanmağa çalışırdı. Bütün qüvvəsini toplayaraq durdu. Üzbəüzündə o şəkil var idi, bir də ki, ayna. Gözü aynaya sataşdı. Yataqda birisi uzanmışdı. Bu elə özü idi. Bir anlıq şok oldu. Danışmaq istədi, lakin səsi çıxmadı. Boğulduğunu hiss etdi. Tez qapıya tərəf getdi, qapını açmaq istədi, amma...
Qulağına bir səs dəydi:
- Cənab qatar artıq dayanmaq üzrədir, sənədlərinizi verin lütfən, - və gülümsəyən sima.
Comments
Post a Comment