Bitməyən 1 son.. Birinci hissə

Yuxudan hövlnak oyandı və nə Baş verdiyini heç cür anlaya bilmirdi. Gördüyü yuxu idi yoxsa, həqiqət?  Bu sualı düşünə-düşünə tez paltarlarını geyindi ki, işə vaxtında çata bilsin. Bir ay ərzində artıq üçüncü iş yeri idi ki, dəyişirdi. Ehtiyacı vardı..  Pula ehtiyacı vardı, amma heç bir müəssisə ona lazım olan maaşı təklif etmirdi.
Hər divarı puldan düzəlmiş labirintin içinə düşmüşdü sanki, lakin nə ordan pul götürə bilir, nə də ki, labirintdən çıxa bilirdi. Bu idi qüruruna toxunan, qəlbini sındıran. Əmisi milyoner olduğu halda o, gecə-gündüz pul qazanmaq üçün əziyyət çəkirdi..
Maşından gələn siqnal səsi onu xəyallarından ayırdı. Beş ay bundan əvvəl getdiyi həmin yolların sonunda onu universitet gözləyirdi. Hər gün universitetə getdiyi yollarla indi işə gedirdi. Təbii ki, işləmək pis bir məşğuliyyət deyil, lakin təhsilini yarımçıq qoyub işə başlaması ona pis təsir edirdi. Əziyyətlər içində boğulurdu, amma heç kim ona kömək etmək istəmirdi. Hər dəfə iş üçün hər hansısa bir müəssisəyə
müraciət etsə belə ona inanmırdılar, iş vermək istəmirdilər. Kim inanar ki, o boyda böyük Sabir müəllimin qardaşı oğlu düşsün küçələrə iş axtarsın. Fikirləşirdilər ki, yəqin Rüfət onlarla zarafat edir, boş olan vaxtını bu cür "əyləncələrlə"  keçirir. Amma nə bilsinlər Rüfət hər kəsin ağız dolusu danışdığı Sabir əmisindən bir qara qəpik də görmür. Ətrafdakı insanlar onların nəslinə aşağıdan yuxarı baxır. Elə bilirlər ki, bir əlləri yağda, o biri əlləri baldadı. Amma hər şey göründüyü kimi deyil və ya olduğu kimi görünmür. Hüseynovlar nəslində ən alçaq hisslərə sahib olan tək bir insan vardı o da Sabir idi. Rüfət əmisi haqda düşündükcə ona olan nifrəti birə min artır. Əlində olsa gedib onu öldürərdi. Lakin silahdan açılan bir güllə ilə yox, xüsusi amansızlıqla öldürərdi. Amma bunu edə bilmirdi. Dünyalar qədər çox sevdiyi insan- anası buna icazə vermirdi. Çünki bu iki insanın bir birbirlərindən başqa heç kimi yoxdu. Bir adam da yox idi ki, ona güvənsin, onlara dayaq, kömək olsun. Sabirin elədiyi bu əməllər də sırf onların "yiyəsiz"  qalmalarından istifadə idi.

Comments